İngiltərə Premyer Liqasının sonuncu – 38-ci turunda “Mançester Siti” doğma arenada “Vest Hem”i qəbul edib. Görüşə hücümlarla başlayan şəhərlilər artıq 2-ci dəqiqədə hesabı açıblar. Fil Foden yerli azarkeşləri sevindirib. 18-ci dəqiqədə hesab artıb. Bu dəfə də Fil Foden diqqət mərkəzinə düşüb. Fasiləyə yaxın qonaqlar buraxılan toplardan birinin əvəzini çıxıblar. Məhəmməd Kudus qapını dəqiq nişan alıb. Amma 2-ci hissənin əvvəlində Rodri hesab arasındakı fərqi 2 topa yüksəldib -  3:1. Qalan vaxtda qapılar toxunulmaz qalıb və oyun bu hesabla bitib. Beləliklə liderliyini son turda qoruyan “Mançester Siti” premyer liqa tarixində ardıcıl 4-cü dəfə çempion olan ilk komanda olub. Premyer liqada 8-ci ümumilikdə isə 10 dəfə İngiltərə çempionu olan şəhərlilər bu uğurun 6-nı məhz Pep Qvardiolanın baş məşqçiliyi ilə əldə ediblər.

Digər görüşlərə gəldikdə “Arsenal” “Everton”a 2:1 hesabı ilə qalib gəlib. London klubu Mançester Sitidən 2 xal geri qalaraq yarışı 2-ci yerdə başa vurub. İlk 4-lükdə “Liverpul” və “Aston Villa” da qərarlaşıb. Bu 4 komanda növbəti mövsümdə İngiltərəni Çempionlar liqasında təmsil edəcək. Premyer Liqanı 5-ci pillədə bitirən “Tottenhem” Avropa Liqasında, 6-cı olan “Çelsi” isə Konfrans liqasında çıxış edəcək. Əlavə edək ki, “Şeffild Yunayted”, “Börnli” və “Luton” isə son 3 pillədə qərarlaşaraq, Premyer Liqanı tərk ediblər.